Azərbaycanın Bişkəkdəki səfiri Lətif Qəndilov bu gün etimadnaməsinin surətini Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevə təqdim edib. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Görüşdə qeyd olunub ki, Qırğızıstan və Azərbaycan qardaş ölkələrdir və bununla əlaqədar iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyi qeyd olunub. Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, müqavilə-hüquqi bazanın genişləndirilməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
R.Kazakbayev iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının keçirilməsinin vacibliyini qeyd edib.
Öz növbəsində, L.Qəndilov Azərbaycan tərəfinin mənzil-qərargahı Bişkəkdə olmaqla müştərək investisiya fondunun təsis edilməsinə razılıq verdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Tərəflər, həmçinin Bişkəkdə və Bakıda mədəni tədbirlərin keçirilməsi barədə də razılığa gəliblər.*
X.Nəsirzadə