Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) və Belarusun Milli Elmlər Akademiyası arasında Yer səthinin məsafədən müşahidə xidmətlərinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Müqaviləyə əsasən, Belarusun Milli Elmlər Akademiyası kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, turizm marşrutlarının müəyyən olunması üzrə həyata keçirilən layihələrdə “Azersky” peykinin təsvirlərindən istifadə edəcək.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.*
B.Rüstəmbəyov