Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin və nağd pulun sığortası üçün sığorta şirkətinin seçilməsi üzrə təkrar tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Tender elanına əsasən, iddiaçı qismində sığorta fəaliyyətinə lisenziyası olan sığorta şirkəti çıxış edə bilər.
Tenderdə iştirak etmək üçün iddiaçılar son 1 ildəki maliyyə vəziyyəti barədə bank arayışı, 2020-ci il üzrə maliyyə hesabatı təqdim etməlidirlər. İddiaçının tələb olunan kapitalı 5 milyon manatdan az olmamalıdır.
Qiymətləndirmə meyarları bunlardır: qiymət, təklif olunan xidmətlər toplusu üzrə sığorta şərtləri, şərtsiz azadolma məbləğləri və təkrarsığorta şirkətlərinin reytinqi.
İddiaçılar tender təkliflərini 21 dekabr saat 17:30-a qədər təqdim etməlidirlər. Tender proseduru 22 dekabr saat 15:00-da keçiriləcək. Tenderdə iştirak haqqı 100 manatdır.
Sığorta xidmətinin göstərilməsinə 01 yanvar 2022-ci il tarixindən başlanılır. Sığorta xidmətinin göstərilməsi müddəti 1 ildir.*
R.Əhmədov