Azərbaycan hökuməti erməni işğalından azad edilmiş ərazilərin bərpasına cari ilin yanvar-sentyabr aylarında 955,2 milyon manat (cari məzənnə ilə $561,9 milyon) yönəldib.
“İşğaldan azad edilmiş ərazilərə “böyük qayıdış”ın təmin edilməsi məqsədilə Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərin yenidən qurulması və bərpasına 2021-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən 955,2 milyon manat vəsait yönəldilib. Bu, cari ildə qeyd olunan məqsədlər üçün nəzərdə tutulan dövlət investisiyalarının 43,4%-ni təşkil edib”, - deyə parlamentə təqdim olunmuş 2022-ci il üçün büdcə materiallarında bildirilir.
Bununla yanaşı, bu vəsaitin 803,4 milyon manatı ($472,6 milyon) azad edilmiş ərazilərdə avtomobil yollarının layihələndirilməsinə və tikintisinə, 44,8 milyon manatı ($26,3 milyon) minalardan təmizləmə işlərinə, qalan məbləğ isə digər layihələrə yönəldilib.
Bütövlükdə, cari ildə Qarabağda infrastrukturun bərpasına dövlət büdcəsindən 2,2 milyard manat ($1 milyard 294 milyon) vəsaitin yönəldilməsi nəzərdə tutulub.*
A.Əzizov