Son aylarda İranla Azərbaycan arasında yaxşı münasibətlərdən xoşlanmayan tərəflər fəallaşsalar da, hər iki ölkə rəsmilərinin müdrikliyi sayəsində bütün çətinliklər geridə qalıb. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı deyib.
“İndi biz iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində irəliləyə bilərik”, - deyə İranın Bakıdakı səfirliyi nazir Hüseyn Əmir-Abdullahiana istinadən bildirir.
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri qeyd edib ki, istənilən fikir ayrılıqları dostluq və qardaşlıq ruhunda həll olunmalıdır və Azərbaycan Respublikası İranla əməkdaşlığı genişləndirməyə hazırdır.
XİN başçıları, həmçinin ikitərəfli ticarət münasibətlərini və ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyaya nümayəndələrin təyin olunması məsələsini də müzakirə ediblər.
Bundan başqa, iranlı nazir qeyd edib ki, İran regional formatları, o cümlədən “3+3” formatını qətiyyətlə dəstəkləyir və regional problemlərin bölgədaxili mexanizmlərin köməyi ilə həll oluna biləcəyinə inanır.*
A.Salayeva