2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $2,05 milyard təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 42% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
10 ay ərzində Azərbaycanın ümumi ixracı $16,8 milyard təşkil edib. Beləliklə, qeyri-neft ixracının xüsusi çəkisi 12,2%-ə bərabərdir.
2021-ci ilin 10 ayı ərzində ərzaq məhsullarının ixrac dəyəri 3,2% - $582,2 milyona qədər artıb.
Yanvar-oktyabr aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,2 dəfə, kimya sənayesi məhsullarının ixracı 40,6%, şəkər və ondan hazırlanan məmulatların ixracı 1,6 dəfə, pambıq lifi ixracı 87,6%, alüminium və ondan hazırlanan məmulatların ixracı 61,7% artıb.
Mərkəzdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, oktyabrda ixracın ümumi həcmi $2,2 milyard təşkil edib. Bu dövrdə qeyri-neft ixracı 50,4% - $244,6 milyona qədər artıb.
Oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac $76,5 milyon, qeyri-yeyinti məhsulları üzrə isə $168,1 milyon təşkil edib.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır.
İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə qeyri-neft ixracını $2,2 milyarddan artıq səviyyədə proqnozlaşdırır.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft ixracı $4 milyard təşkil edəcək.*
R.Əhmədov