Noyabrın 9-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında türk hərbçilərin Azərbaycandakı mandatının uzadılması məsələsi müzakirəyə çıxarılacaq. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qanun layihəsinin təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının sədr müavini Bülent Turan “Anadolu” agentliyinə bildirib ki, Ankara bölgədəki bütün problemlərin həllində maraqlıdır.
“Ötən il Azərbaycanla bağlı qanun layihəsi Xalqların Demokratik Partiyasından başqa bütün partiyalar tərəfindən dəstəkləndi. Ümid edirəm ki, bu il bütün partiyaların dəstəyi ilə azərbaycanlı qardaşlarımızın yanında əsgərimizlə, dövlətimizlə olduğumuzu vurğulaya biləcəyik”, - deyə o bildirib.
Turan vurğulayıb ki, dost və qardaş ölkə Azərbaycana hərbçi göndərilməsi ilə bağlı qanun layihəsinə bütün partiyaların dəstək verməsi birlik və bərabərlik mesajı baxımından son dərəcə vacibdir.
“Bu məsələlərdə birlik lazımdır, əlbəttə, siyasi polemika, mübahisələr ola bilər, ancaq bəzi məsələlər siyasi polemika xaricində olmalıdır. Azərbaycanla bağlı qanun layihəsi belə məsələlərdən biridir. İstərdik ki, bütün partiyalarımız istisnasız şəkildə sənədi dəstəkləsinlər”, - deyə o qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana türk hərbçilərin göndərilməsi ilə bağlı təklifi parlamentin 17 noyabr 2020-ci il tarixində keçirilmiş plenar iclasında qəbul edilib.
TBMM Türkiyə ilə Azərbaycan arasında imzalanmış "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi, atəşkəsin bərqərar olması, pozuntuların qarşısının alınması, bölgədə sülh və sabitliyin təmin olunması və Birgə Monitorinq Mərkəzinin missiyasının icrası məqsədilə türk hərbçilərin 1 il müddətinə Azərbaycana göndərilməsinə icazə vermişdi.*