Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ölkə rəhbərliyi Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi üçün uzun illərdir hazırlıq işləri aparıb.
“Bütün hazırlıq işləri vaxtlı-vaxtında aparılmalı idi və aparılmışdır (işğal olunan ərazilərin azad edilməsi üçün - İF)”, - Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Şuşada hərbçilər qarşısında çıxışı zamanı bildirib.
Əliyev qeyd edib ki, ordu quruculuğu, hərbi potensialının möhkəmləndirilməsi prezident kimi başlıca vəzifəsi idi. “Mənim prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun döyüş qabiliyyəti böyük dərəcədə artdı.
Prezident hesab edir ki, müharibədə qələbənin amillərindən biri ölkənin iqtisadi potensialının gücləndirilməsi oldu. “İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır”, - o bildirib.
Əliyev vurğulayıb ki, 2020-ci ilin payızında 44 günlük müharibədə qələbə qazanaraq“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi”. “Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. (...) Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq”, - Azərbaycan prezidenti əlavə etdi.
Dövlət başçısı qeyd edib ki, əgər Ermənistanda hər hansı bir qüvvə hansısa revanşist meyillərə əl atsa, “bizim yumruğumuzu görəcək”. **
N.Abbasova