ABŞ səfirliyi bu gün Qarabağda atəşin və bütün hərbi əməliyyatların dayandırılmasının ildönümü ilə əlaqədar tərəfləri əldə edilmiş bütün razılaşmalara əməl etməyə çağırır. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.
“Biz hazırda itkin düşmüş şəxslərlə bağlı tam hesabatlılığa, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin minalardan hərtərəfli təmizlənməsinə və beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlarla əlaqə saxlamaq üçün şərait yaradılmasına çağırırıq. Biz, həmçinin iddia edilən insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılmasına çağırırıq”, - deyə bəyanatda qeyd olunur.
Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir və Ermənistan və Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn həll olunmamış bütün məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin xətti də daxil olmaqla, qarşılıqlı fəaliyyəti davam etdirməsini və intensivləşdirməsini vacib hesab edir.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri bürosunun müavininin köməkçisi Erika Olson hazırda münaqişə tərəfləri ilə problemləri müzakirə etmək və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün regiondadır.*