2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpası və müdafiə potensialının gücləndirilməsi Azərbaycanın əsas prioritetlərindəndir. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“(...) işğaldan azad olunmuş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzurda - İF) bərpa dövrü başlanıb. İşğaldan azad olunmuş ərazilərin tarixi simalarının qaytarılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su yol xətlərinin çəkilməsi ilə bağlı başlanılan işlər böyük sürətlə davam edir. Bərpa prosesi sürətlidir. Prezidentin tapşırığından irəli gələn bu vəzifələrin növbəti ildə də davam etdirilməsi üçün 2,2 milyard vəsait ayrılacaq (cari məzənnə ilə $1,3 milyarda yaxın)", - Şərifov çərşənbə günü Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
2021-ci ilə Azərbaycanın dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpasına 2,2 milyard manat səviyyəsində vəsait nəzərdə tutulur.
Şərifov vurğulayıb ki, 2022-ci ildə Azərbaycan hökuməti ölkənin müdafiə potensialının gücləndirilməsinə yönələn tədbirlərin maliyyələşdirilməsini davam etdirəcək. “Gələn ilin büdcəsində bu məqsədlərə 4 milyard 490 milyon manatın ($2,6 milyarddan çox) və ya bütün büdcə xərclərinin 15%-nin ayrılması nəzərdə tutulur”, - nazir əlavə edib. **
X.Nəsirzadə