2022-ci ildə Azərbaycanda əhalinin sosial müdafiəsi üzrə planlaşdırılan əlavə tədbirlərin həcmi 1,4 milyard manatdan artıq qiymətləndirilir. Bu tədbirlər 2 milyon insanı əhatə edəcək. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev bəyan edib.
“Söhbət 1 milyard 441 milyon manatdan gedir. Sosial paket 2 milyon insanı əhatə edəcək”, - Babayev çərşənbə günü Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir. **
X.Nəsirzadə