Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə erməni hərbi qulluqçularının növbəti təxribatının qarşısının alınması barədə bəyan edib.
“Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib. Xüsusilə, noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşib”, - nazirliyin məlumatında deyilir.
Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib.
Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb.
“Çərşənbə günü səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb”, - nazirlikdən məlumat verilir. **
B.Rüstəmbəyov