Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib. Bu barədə Azərbaycanın dövlət başçısının saytındakı məlumatda deyilir.
«Cənab Prezident, əziz qardaşım. Can Azərbaycanın Zəfər Günü münasibətilə türk milləti adından və şəxsən öz adımdan Zati-aliniz başda olmaqla bütün azərbaycanlı qardaş və bacılarımı ən səmimi hisslərimlə təbrik edirəm. Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə abadlaşmasından, işğalın izlərinin qısa müddətdə silinməsindən məmnuniyyət hissi duyuram. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası prosesində dəstəyimiz bundan sonra da fasiləsiz davam edəcək», - Ərdoğanın təbrik məktubunda deyilir.
O qeyd edib ki, Şuşada imzalanan Bəyannamə ilə (15 iyun 2021-ci il - İF) iki dövlət arasında münasibətlər müttəfiqlik səviyyəsinə çatdırılıb.
“Bu, ölkələrimiz üçün tarixi addımdır”, - Ərdoğan vurğulayıb.
“Həmrəyliyimizin bundan sonra da “Bir millət, iki dövlət” şüarı ilə hər sahədə inkişaf edəcəyinə şübhə yoxdur”, - Türkiyə liderinin məktubunda qeyd olunur. **
A.Salayeva