10 noyabr tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bon ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilir.
Görüşdə tərəflər post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət və yeni reallıqlar ətrafında fikir mübadiləsi aparıblar.
Bayramov Bona post-münaqişə fazasına aid məsələlər-azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, dağıdılmış ərazilərimizin bərpa edilməsi, regionda kommunikasiyaların açılması, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşdırılması, Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli qaydada həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Nazir Azərbaycanın bölgədə uzunmüddətli sülh və əmin-amanlığın təmin olunmasına tərəfdar olduğu vurğulayıb.
Görüşdə, həmçinin Azərbaycan-Fransa ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib.
Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və siyasi dialoqun aktivləşməsinə hazırlığını və maraqlarını ifadə ediblər. **
A.Salayeva