Çərşənbə günü Parisə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Jan İv Lö Drian ilə görüşüb.
“Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar”, - Azərbaycan XİN-dən məlumat verilir.
Bayramov və Lö Drian ikitərəfli əməkdaşlığın xüsusilə iqtisadi, eləcə də təhsil sahələrində inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.“Fransanın xarici işlər naziri Azərbaycana minaların təmizlənməsi prosesinə yardım etməyə hazır olduğunu bəyan edib və bu xüsusda, ANAMA ilə əməkdaşlığa hazırlıq ifadə edib. Həmçinin, birinci Qarabağ müharibəsindən itkin düşən şəxslərin axtarışı ilə əlaqədar prosesin Fransa üçün əhəmiyyət kəsb etdiyini qeyd edib. Nazir Lö Drian, habelə Azərbaycan və Ermənstan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini bildirib və ATƏT-in Minsk Qrupunun bu xüsusda önəmli format ola biləcəyini vurğulayıb”, - məlumatda qeyd olunur.
Öz növbəsində, Bayramov bölgədə mövcud olan cari vəiyyət, münaqişə sonrası mərhələdə Azərbaycanın sərgilədiyi mövqeyi barədə, eləcə də üçtərəfli bəyanatların icrası və Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli şəkildə atılan addımlara dair qarşı tərəfə ətraflı məlumat verib.
“Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - XİN-dən bildiriblər. **
E.Şəfiyev