2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 41,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2% çox sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri neft-qaz sektorunda isə 20% artıb.
10 ay ərzində sənaye məhsulunun 63,1%-i mədənçıxarma sektorunda, 31,3%-i emal sektorunda, 4,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 90,2%, tikinti materiallarının istehsalı 79%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 60%, tütün məmulatlarının istehsalı 56,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 42%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,6%, kağız və karton istehsalı 27,4%, kimya sənayesi məhsullarının istehsalı 24,2%, hazır metal məmulatlarının istehsalı 16,1%, neft məhsulllarının istehsalı 16,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1%, qida məhsullarının istehsalı 10,9%, rezin və plastmasdan hazırlanan məmulatların istehsalı 19%, elektrik avadanlıqlarının istehsalı 8,7%, mebel istehsalı 9,2%, kompüter, elektron və optik məhsulların istehsalı 5,5%, içki istehsalı 1,6%, artıb.
Ağacın emalı və ağacdan məmulatların istehsalı 13,5%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,5%, poliqrafiya məhsullarının istehsalı 43,7%, sair nəqliyyat vasitələrinin istehsalı 90%, geyim istehsalı 14,5%, maşın və avadanlıq istehsalı 9,1%, azalıb.
2021-ci ilin yanvar-oktyabr aylarının yekunları üzrə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,7%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 13,5% artıb.
2020-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi COVID-19 infeksiyası ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunması və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması fonunda 5% azalıb.**
X.Nəsirzadə