ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 10-da Parisdə keçirilən Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşün yekunlarına dair bəyanatla çıxış ediblər.
Həmsədrlər qeyd edirlər ki, əvvəlcə Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqla görüşlər keçiriblər, daha sonra isə vasitəçilər və nazirlərin birgə görüşü baş tutub.
“Həmsədrlər və xarici işlər nazirləri Nyu-Yorkda start verilən və gərginliyin aradan qaldırılması üzrə bir sıra mümkün tədbirlərin və bu formatda gələcək görüşlər və həmsədrlərin regiona nəzərdə tutulan səfəri də daxil olmaqla, bu istiqamətdə gələcək addımların müzakirəsini davam etdiriblər. Həmçinin, həmsədrlər və xarici işlər nazirləri 9 noyabr 2020-ci il tarixli Qarabağa dair üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərin icrasını müzakirə ediblər”, - ATƏT-in saytında dərc olunan bəyanatda qeyd olunur.
Həmsədrlər saxlanılan şəxslərin, minalardan təmizlənmə, itkin düşmüş şəxslərin, tarixi və mədəniyyət obyektlərinin müdafiəsi məsələsi daxil olmaqla, humanitar məsələlər üzrə irəliləyişin əldə olunmasının vacibliyini təsdiq ediblər. O cümlədən, onlar tərəfləri beynəlxalq humanitar təşkilatlara məhdudiyyətsiz çıxış imkanı yaratmağa çağırıblar.
Həmçinin, həmsədrlər vurğulayıblar ki, tərəflərin təxribat xarakterli ritorika və hərəkətlərə yol verməməsi vacibdir. **
X.Nəsirzadə