Azərbaycan prezidenti İlham Əliyev cümə günü İstanbulda Qırğızıstan prezidenti Sadır Japarovla danışıqlar aparıb.
Azərbaycan prezidentinin saytında məlumat verilir ki, Əliyev və Japarov iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, investisiyalar, energetika, nəqliyyat və digər sahələrdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
“Biz həm siyasi, həm iqtisadi, humanitar sahələr ilə bağlı məsələlərin geniş spektri barədə qarşılıqlı aktiv fəaliyyətə ümid edirik və düşünürəm ki, bütün məsələlər spektri üzrə yaxşı potensial var. Artıq xarici işlər nazirləri səviyyəsində görüşlər olub və sizin xarici işlər naziri Azərbaycana səfər edib. Buna görə düşünürəm ki, bu gün biz ölkələrimizin, xalqlarımızın rifahı naminə əlaqələrimizin tamdəyərli olması və son nəticəyə yönəlməsi üçün ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etməsinə yaxşı təkan verəcəyik”, - məlumatda Əliyevin sözlərindən sitat gətirilir.
Öz növbəsində, Japarov qeyd edib ki, ölkələrimiz arasında münasibətlər tarixin, mədəniyyətin, dilin, mənəvi və dini dəyərlərin ortaq olmasından irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır.
O, həmçinin, Bişkekə 40 min doza “AstraZeneca” vaksini şəklində humanitar yardım göstərilməsinə görə Bakıya təşəkkürünü bildirib. **
E.Şəfiyev