2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34milyard 433,6 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 milyard 601,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (artım 2,9%), 15 milyard 832 milyon manatlıq qeyri-ərzaq malları (artım 3,5%) satılıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 15,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i avtomobil benzini və dizel yanacağının, 5,4%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-oktyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27%-i ticarət müəssisələri, 49,8%-i fərdi sahibkarlar tərəfindən, 23,2%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 20,4% artıb, fərdi sahibkarlar üzrə 3,1%, bazar və yarmarkalarda 0,8% azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 185,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,1 manatlıq qeyri-ərzaq malları alıb.
2020-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 1,3% azaldıb.**
N.Abbasova