2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% artaraq 723,2 manat (cari məzənnə ilə $425,4) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 sentyabr 2021-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 725,6 manat ($426,8), 1 avqust tarixinə - 728,5 manat, 1 iyul tarixinə 724,4 manat ($426,1), 1 iyun tarixinə 724 manat ($425,9), 1 yanvar tarixinə 707,3 manat ($416,1) təşkil edib.
2021-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 min nəfər və ya 1,1% artaraq 1 milyon 699,3 min nəfər (sentyabrın 1-nə 1 milyon 684,9 min nəfər) olub, onlardan 903,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 795,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.**
X.Nəsirzadə