Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin bir il uzadılması ilə bağlı qərar rəsmi olaraq qüvvəyə minib. Bu barədə Anadolu Agentliyi məlumat verir.
“10 noyabr 2021-ci il tarixində TBMM-in plenar iclasında qəbul olunan sənəd şənbə günü “Resmi Gazete"də dərc olunub və bununla da qüvvəyə minib”, - məlumatda deyilir.
Sənəddə qeyd olunur ki, Ermənistanın işğal etdiyi ərazilərin azad olunması uğrunda mübarizədə Azərbaycanın uğuru hesabına regionda vəziyyət dəyişib. 9 noyabr 2020-ci il tarixli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatına əsasən, Cənubi Qafqazda sabitliyin təmin olunması ilə bağlı səylər davam etdirilir.
“Türkiyə əvvəldən ərazi bütövlüyünün və beynəlxalq hüquq normalarına əsaslanan qanuni hüquqlarının təminatı məsələsində Azərbaycanın mövqeyini fəal dəstəkləyib. Ankara nəinki bölgədə sülh və sabitliyin qorunmasına töhfə verir, həm də iqtisadi əlaqələr və infrastrukturun bərpası üzrə mühüm təşəbbüslər reallaşdırır. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regionda fəaliyyətini uğurla davam etdirir, bu da təhlükəsizliyin təminatı və tərəflər arasında etimad mühitinin formalaşmasına töhfə verir. Bu Mərkəzin fəaliyyətində Türkiyə hərbçilərinin iştirakı Türkiyənin milli maraqlarına, Ankaranın regionda səmərəli və konstruktiv roluna cavab verir”, - sənəddə vurğulanır. **