Qarabağ münaqişəsi sona çatıb və beynəlxalq birlikdə heç kəs Qarabağın Azərbaycan ərazisi olduğuna şübhə etmir. Bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bəyan edib.
“Qarabağ münaqişəsi sona çatıb və heç kim şübhə etmir ki, bu Azərbaycan ərazisidir”, - Markov şənbə günü Şuşada “Cənubi Qafqazda sülhün möhkəmlənməsi problemləri” adlı konfransda bildirib.
Onun sözlərinə görə, RF Cənubi Qafqazda sülhün bərqərar olmasında böyük rol oynayıb. “Rusiya Azərbaycanın 44 gün ərzində BMT TŞ-nin qətnamələrini özünün icra etməsinə anlayışla yanaşdı. RF hər zaman Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”.
Markov qeyd edib ki, Azərbaycan, RF və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı bütün tərəflər üçün səmərəlidir. “Bu saziş Ermənistana minlərlə hərbçini ölümdən xilas etməyə imkan yaradıb. Sənədi imzalamaqla Azərbaycan 3 rayonu müharibəsiz qaytarıb”, - o bildirib.
“İndi postmünaqişə bərpa barədə düşünmək lazımdır. Bu prosesdə RF-nin rolu Cənubi Qafqaz xalqlarına sülhə addımlamaqda kömək etmək, nəqliyyat kommunikasiyalarının açılması vasitəsilə iqtisadi əməkdaşlığın bərpasıdır”, - Markov qeyd edib.
Ekspert vurğulayıb ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası üçün siyasi iradəyə malikdir. Həmçinin regionda hələ bir sıra problemləri həll etmək lazımdır. O qeyd edib ki, bu, xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası, ekstremizmin aradan qaldırılmasıdır. **
A.Əzizov