Azərbaycan və Rusiya birgə səylərlə Ermənistanı Qarabağ üzrə üçtərəfli bəyanatın bənlərini yerinə yetirməyə vadar etməlidir. Bu barədə Milli Məclisin deputatı Şahin Seyidzadə bəyan edib.
“Təbii ki, biz postmünaqişə dövrü barədə danışmalıyıq. Bu gün Ermənistan postmünaqişə status-kvonu qorumağa çalışır. Forma dəyişir, lakin məzmun eyni olaraq qalır. Biz (Azərbaycan və RF - İF) birgə səylərlə Ermənistanı üçtərəfli bəyanatın icrasına məcbur etməliyik”, - Seyidzadə Şuşa şəhərində keçirilən “Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi problemləri” adlı konfransda bildirib.
O cümlədən, onun sözlərinə görə, “bu gün biz gələcək barədə danışırıq, lakin tarixi də unutmamalıyıq”.
“İnterfaks-Azərbaycan”ın verdiyi məlumata görə, Seyidzadənin sözlərinə görə, Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpasına böyük önəm verir.
“2022-ci il Azərbaycanın dövlət büdcəsi layihəsində bütün xərclərin 7,5%-i və ya 2,2 milyard manat məbləğində vəsaitin Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldilməsi nəzərdə tutulur. Bu, iri məbləğdə vəsaitdir”, - o qeyd edib. **
N.Mayılov, A.Əzizov