Bu günədək İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlıq subyektlərinə 513 layihə üzrə investisiya təşviqi sənədi (İTS) verilib. Bunu bu gün Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“İqtisadiyyat Nazirliyi tərəfindən 513 İTS verilib. Bu layihələrə investisiya qoyuluşları 4 milyard 632,5 milyon manat təşkil edir”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, layihələrin 16,1%-i Bakı şəhərinin, 30,4%-i Abşeron və Xızı rayonlarının, 53,6%-i isə digər bölgələrin payına düşür.
Prezident İlham Əliyev 2016-cı il yanvarın 18-də “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Dövlət başçısı, həmçinin “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nı da təsdiq edib. İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara verilən sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Bu güzəştlərə aiddir: mənfəət və ya gəlir vergisinin 50%-dən 7 il müddətinə azadolma; torpaq və əmlak vergisindən 7 il müddətinə tam azadolma; xaricdən idxal edilən texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən 7 il müddətinə tam azadolma.*
B.Rüstəmbəyov