Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatdan sonra respublikanın şərqindəki dörd döyüş mövqeyindən çıxarılıb. Bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
“Noyabrın 14-də saat 13:00-da Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətindəki hissələrindən birində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri zirehli texnikanın köməyi ilə Ermənistan Respublikasının suveren ərazisinə girib. Nəticədə Ermənistan silahlı qüvvələrinin dörd döyüş mövqeyi mühasirəyə alınıb”, - deyə məlumatda bildirilir.
Danışıqlar nəticəsində Azərbaycan qoşunları ərazini tərk edib, lakin Ermənistan silahlı qüvvələrinin bölmələri də həmin mövqelərdən çıxarılıb.
Təhlükəsizlik Şurasında Ermənistanın siyasi rəhbərliyi və ya silahlı qüvvələrin komandanlığı tərəfindən müqavimət göstərməmək əmrinin verilməsi barədə yayılan məlumatları təkzib ediblər.
Yaranmış vəziyyətin dinc yolla nizamlanmasının, xüsusilə Sovet Azərbaycanı və Sovet Ermənistanı arasında müəyyən edilmiş sərhəddən qoşunların qarşılıqlı şəkildə çıxarılmasının, beynəlxalq himayə altında sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlanılmasının vacibliyi vurğulanıb.*