“Lukoil” şirkəti Xəzərin Azərbaycan sektorundakı Shallow Water Absheron Peninsula (SWAP) layihəsi çərçivəsində bir quyu qazmağı öhdəsinə götürüb.
“Biz artıq layihəyə daxil olmuşuq və növbəti quyunun maliyyələşdirilməsini öz üzərimizə götürmüşük”, - deyə “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov ADIPEC neft-qaz sərgisinin kuluarlarında jurnalistlərə bildirib.
“Lukoil” 2021-ci il sentyabrın 28-də BP şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Shallow Water Absheron Peninsula (SWAP) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni əldə etməsi haqqında saziş imzalayıb. Sövdələşmə bitdikdən sonra BP 25% payla layihənin operatoru olaraq qalacaq. Layihənin üçüncü iştirakçısı 50% payla SOCAR şirkətidir.
Müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS BP və SOCAR arasında 2014-cü ilin dekabr ayında imzalanıb.
2016-cı ildə müqavilə sahəsində 3D seysmik tədqiqat proqramı həyata keçirilib. Müqavilə sahəsindən əldə edilmiş 3D məlumatların emalı və interpretasiyası tamamlandıqdan sonra 2017-ci ildə BP tərəfindən SOCAR-a üç perspektiv sahə ilə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) əlaqədar Perspektivlik haqqında Bildiriş təqdim edilib.
Ümumilikdə, layihə çərçivəsində üç kəşfiyyat quyusunun qazılması planlaşdırılır. 2021-ci ilin avqust ayında Şimal Xali perspektiv sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb. 2021-ci ilin noyabr ayının sonunadək ikinci quyuda, 2022-ci ildə isə üçüncü quyuda qazma işlərinə başlanılması planlaşdırılır.*