Azərbaycan hökuməti sosial korporativ məsuliyyətini həyata keçirmiş banklara münasibətdə güzəştlər təqdim etməyi planlaşdırır.
Dövlət Vergi Xidmətinin (DVX) məlumatında bildirilir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim edilib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, DVX-nin qiymətləndirmələrinə görə, bu güzəştlərin tətbiq edilməsi nəticəsində bankların vergi yükü bir qədər azaldılacaq.
Vergi Məcəlləsinə təklif edilmiş dəyişiklik layihəsinə əsasən, Vətən müharibəsində və ondan sonrakı dövrdə sosial korporativ məsuliyyətini həyata keçirmiş banklara münasibətdə güzəştlərin təqdim olunması nəzərdə tutulur. Belə ki, dəyişikliklər paketinə əsasən, Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin kreditlər üzrə ödənilməyən borclarını silən bankların vergi yükü azaldılacaq.
“Məlum olduğu kimi, Vətən müharibəsində və ondan sonrakı dövrdə bir sıra müəssisələr kimi, bir sıra banklarda da sosial məsuliyyət tədbirləri çərçivəsində şəhid ailələrinin və qazilərin banklara olan borclarının silinməsi həyata keçirilib. Bununla əlaqədar Vergi Məcəlləsində dəyişiklik layihəsində banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin ödənilməyən borcları üzrə hesablanmış faizlərin silinməsinin bankların və kredit təşkilatlarının vergitutulan gəlirlərinə aid edilməməsi, habelə həmin təşkilatlar tərəfindən bu çərçivədə silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatların gəlirdən çıxılan xərclərə aid edilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə