ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı və Azərbaycanı sərhəddə gərginliyin aradan qaldırılması istiqamətində təcili addımlar atmağa çağırıblar.
“Həmsədrlər son zamanlar regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərə dərin narahatlıq hissi ilə yanaşırlar. Vasitəçilər tərəfləri gərginliyin aradan qaldırılması üçün dərhal konkret addımlar atmağa çağırırlar”, - deyə həmsədrlərin bu gün ATƏT-in saytında dərc olunmuş bəyanatında bildirilir.
Həmsədrlər tərəfləri təhrikedici ritorikadan və təxribatçı hərəkətlərdən çəkinməyə, 9 noyabr 2020-ci il tarixli bəyanata və birgə qəbul etdikləri digər atəşkəs razılaşmalarına uyğun olaraq götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırırlar.
“Bu yaxınlarda gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya onun nəticəsində yaranmış bütün məsələlərin razılaşdırılmış, hərtərəfli və dayanıqlı həllinin zəruriliyini vurğulayır. Həmsədrlər onların himayəsi altında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-Yorkda və Parisdə keçirilən birgə görüşləri zamanı əldə olunmuş irəliləyişi inkişaf etdirməyə, regionda təhlükəsizliyə, sabitliyə və rifaha yönəlmiş birbaşa dialoqda iştirakı davam etdirməyə çağırır”, - deyə bəyanatda vurğulanır.*
R.Əhmədov