2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 min 876,8 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 3,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 3 min 958 kq gümüş (artım 8,6%) hasil edilib.
Hasil edilən qızıl və gümüş emala göndərilib.
1 noyabr 2021-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 212,5 kq, gümüş ehtiyatının həcmi 244,3 kq təşkil edir.
Hazırda Azərbaycanda qızıl və gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də Production Sharing Agreement tipli müqavilə imzalayıb. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir.
Bundan başqa, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
B.Rüstəmbəyov