“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi - “Buta Airways” Səudiyyə Ərəbistanının iki şəhərinə - Ər-Riyad və Dammama xüsusi reyslər yerinə yetirməyə başlayır.
“Ər-Riyada reyslər noyabrın 27-dən etibarən hər həftənin şənbə günləri, Dammama isə reyslər noyabrın 26-dan etibarən hər həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcək”, - deyə aviadaşıyıcının məlumatında bildirilir.
Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat daxildir. Aviabiletlərin dəyəri 55 avrodan başlayır.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Səudiyyə Ərəbistanına səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar.
Sərnişin Səudiyyə Ərəbistanının şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19-a dair testi dövlətin akkreditə etdiyi və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və yaxud laboratoriyada verə bilər. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.
COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.*
N.Abbasova