2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8 milyard 34,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 4,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 3 milyard 791,1 milyon manat məbləğində heyvandarlıq, 4 milyard 243,2 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,7%, bitkiçilik məhsullarının istehsal həcmi 5,4% artıb.
10 ay ərzində respublikada 457,5 min ton ət (artım 3,2%), 1 milyon 809,3 min ton süd (artım 1,6%), 16 min ton yun (artım 0,1%), 497,4 ton barama (artım 11,4%) və 1 milyard 554,2 milyon ədəd yumurta (azalma 3,8%) istehsal edilib.
DSK-nın məlumatına görə, kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Noyabr ayının 1-nə kimi 1 milyon 706,2 min ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 6,4% çox tərəvəz toplanıb.
Bundan başqa, tarlalardan 1 milyon 7,3 min ton kartof (artım 2,6%), qarğıdalı da daxil olmaqla 3 milyon 317,3 min ton dənli və dənli paxlalı bitkiçilik məhsulları (artım 4,3%), 459,9 min ton bostan məhsulları (artım 2,6%), 1 milyon 23,6 min ton meyvə və giləmeyvə (artım 8,1%), 201,2 min ton üzüm (artım 3,8%), 1,13 min ton yaşıl çay yarpağı (artım 28%), 162,1 min ton şəkər çuğunduru (artım 8,3%), 183,9 min ton pambıq (artım 20,9%), 25,7 min ton günəbaxan (artım 4,2%) və 5,7 min ton tütün (artım 0,7%) yığılıb.
Oktyabrın 1-nə ölkədə ümumi sahəsi 1,5 min hektar olan 3174 vahid istixana fəaliyyət göstərib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həmin istixanalarda 279,1 min ton pomidor (artım 19,8%), 18,2 min ton xiyar (artım 24,2%) istehsal olunub.
Bu il 819,7 min hektar sahədə payızlıq şum aparılıb. 2022-ci ilin məhsulu üçün 350,4 min hektar sahədə payızlıq bitkilər səpilib. Bunun 187 min hektarını buğda, 163,2 min hektarını arpa, 0,2 min hektarını çovdar təşkil edib.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb.*
X.Nəsirzadə