2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 699,9 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 79% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2 milyon 873,1 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çoxdur.
Yanvar-oktyabr aylarında 23,9 min ton (artım 30,6%) tikinti gipsi, 65,2 min ton (artım 37%) sementdən tikinti blokları və kərpicləri, 2 milyon 204,9 min ton (artım 35,7%) hazır beton qarışığı, 28,4 min ton (artım 3,3%) tikinti əhəngi, 547,9 min kubmetr (artım 30,8%) tikinti kərpici, 33,884 min ton (artım 58%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, 65,2 min kubmetr (artım 2,2 dəfə) betondan yığma tikinti konstruksiyaları istehsal edilib.
Hesabat dövründə asfalt istehsalında 0,2% azalma (145,6 min ton) qeydə alınıb.
Hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir.*
B.Rüstəmbəyov