2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 49,5 milyon manat və ya ÜDM-in 0,07%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 20 milyard 234,2 milyon manat (2020-ci ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə artım 0,1%), xərcləri 20 milyard 184,7 milyon manat (azalma 2,6%) təşkil edib.
2021-ci ilin 10 ayı ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 71 milyard 589 milyon manat təşkil edib.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılır.*
R.Əhmədov