Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib və gərginliyin qarşısının alınması istiqamətində səy göstərməyə çağırıb.
“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında intensiv döyüşlər barədə xəbərlərdən dərin narahatdır. Hər iki tərəfi gərginliyin azaldılması üçün dərhal konkret tədbirlər görməyə çağırırıq”, - deyə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, Vaşinqton tərəfləri sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırıb.
Rusiya Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumata görə, müdafiə naziri Sergey Şoyqunun apardığı telefon danışıqlarından sonra Azərbaycan və Ermənistan sərhəddə hərbi əməliyyatları dayandırıb.
“Hazırda Kilsəli dağı yaxınlığında gedən silahlı toqquşmalar dayanıb, vəziyyət normallaşıb və nəzarət altındadır”, - deyə məlumatda bildirilib.
“Müdafiə naziri ordu generalı Sergey Şoyqunun Azərbaycan və Ermənistandan olan həmkarları ilə apardığı telefon danışıqları nəticəsində tərəflər vəziyyətin sabitləşməsi istiqamətində tədbirlər görüb”, - deyə məlumatda qeyd olunub.*