2022-2023-cü illərdə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi $5 milyarda çata bilər. Bunu “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov deyib.
“Dünya ticarətinin üzləşdiyi bütün çətinliklərə baxmayaraq, ticarət dövriyyəsinin göstəriciləri artır. Rusiya və Azərbaycan şirkətləri bir-biri ilə əməkdaşlığı genişləndirmək istəyir. Bu il ölkələrimiz arasında ticarət dövriyyəsinin $3 milyard təşkil edəcəyini proqnozlaşdırırıq. Demək istəyirəm ki, bu, son hədd deyil, əvvəlki dövrlərdə biz $3,5 milyardlıq rəqəmlər görmüşük. Əminəm ki, $5 milyard rəqəmi 2022-2023-cü illərin sonunda görməli olduğumuz rəqəmdir. Bunun üçün səy göstərməliyik”, - deyə A.Talıbov bu gün Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq potensialı çox böyükdür.
“Qarşılıqlı fəaliyyət potensialımız çox böyükdür. Bunun üçün bir neçə problemi həll etmək lazımdır. Bu gün rəsmilərlə görüşdə danışacağımız məsələ həm Rusiyada azərbaycanlı sahibkarlar, həm də buradakı rusiyalı sahibkarlara bizneslə məşğul olmaq üçün əlverişli şəraitin yaradılması, inzibati maneələrin və bürokratik çətinliklərin aradan qaldırılmasıdır. Bu, bütün tərəflərin qarşısına qoyduğu vəzifədir. Bu məsələdə ən əsası biznesin aparılmasında əlverişli şərait yaratmaq üçün hər iki tərəfin mövqelərini yaxınlaşdırmaq istəyidir”, - deyə sədr vurğulayıb.
A.Talıbov əlavə edib ki, ilk Rusiya işgüzar missiyasının (2021-ci ilin yayı – İF) nəticələrinə görə, Azərbaycanda layihələrin həyata keçirilməsi üçün göstərilən dəstəyin həcmi $200 milyonu ötür.
“Ümumiyyətlə, biz Azərbaycan bazarını kifayət qədər perspektivli görürük. Bugünkü biznes missiyasına Rusiyanın 30 ən böyük şirkəti daxil olub. Əminəm ki, onlar bununla məhdudlaşmayacaq, bu istiqamətdə ilk addımları atırıq. Bizim əsas vəzifəmiz Rusiya və Azərbaycan şirkətlərinin imkanlarını populyarlaşdırmaq, ümumi maraqların axtarılması və layihələrin həyata keçirilməsi üçün platforma yaratmaqdır”, - deyə o bildirib.
2020-ci ilin yekunları üzrə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 671 milyon 545,75 min təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 11,6% azdır. 2020-ci ildə ticarət dövriyyəsinin azalması COVID-19 pandemiyası ilə əlaqədar olub.*
X.Nəsirzadə