2021-ci ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 585,9 min barel (sentyabrda 586,2 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2021-ci ilin oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 704,4 min barel olub. Bunun 585,9 min barelini xam neft, 118,5 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu ilin oktyabr ayı üçün Azərbaycanın gündəlik hasilat kvotası 640 min barel olub. Beləliklə, Azərbaycan oktyabr ayında “OPEC plus” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 109,2% yerinə yetirib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 20-ci iclasında qəbul edilmiş qərar oktyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatının 640 min barelə çatdırılmasını və ixtisarla bağlı öhdəliyin 78 min barel həcmində olmasını nəzərdə tuturdu. Bu isə ölkəmizdə sentyabr ayı ilə müqayisədə oktyabrda gündəlik olaraq 7 min barel çox xam neft istehsalına imkan yaradıb.
“OPEC plus” ölkələri nazirlərinin iyul ayının 18-də keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir. Bu qərara əsasən, Azərbaycan gündəlik xam neft hasilatını avqustdan etibarən hər ay təqribən 7 min barel artırmaq imkanı əldə edib.*
N.Abbasova