SOCAR, Bakı Fond Birjası (BFB) və "PSG-Kapital İnvestisiya Şirkəti" QSC arasında üçtərəfli market-meyker müqaviləsi bağlanıb.
SOCAR istiqrazlarının yerləşdirilməsi üzrə anderrayter olan “PSG Kapital” şirkəti noyabrın 16-dan Dövlət Neft Şirkəti tərəfindən təkrar bazarda market-meyker təyin edilib və qiymətli kağızların təkrar bazarda likvidliyini təmin edir.
SOCAR investisiya şirkəti vasitəsilə gündəlik alış-satış öhdəliyi götürüb.
“SOCAR təkrar bazarda satışa çıxarılan istiqrazları tam şəkildə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə təmin edəcək”, - deyə məlumatda bildirilir.
1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında SOCAR-ın tədavül müddəti 5 təqvim ili olan AZ2002019894 dövlət qeydiyyat nömrəli, 100 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği $380,614 milyon təşkil edib. İstiqrazın illik faiz dərəcəsi 4.5%-dir, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.
Emissiya hər birinin nominal qiyməti $1 min olan 100 min ədəd istiqraza bölünüb.
Noyabrın 2-də SOCAR-ın istiqrazları təkrar bazarda yerləşdirib.
SOCAR istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri müxtəlif layihələr üzrə öhdəliklərin maliyyələşdirilməsinə (Bakı Neft Emalı Zavodunun yenidən qurulması, Karbamid zavodunun tikintisi və s.) yönəltməyi nəzərdə tutur.
SOCAR 2016-cı ilin sentyabr ayında daxili bazarda $100 milyon həcmində istiqrazların (illik gəlirlilik 5%) ilk buraxılışını həyata keçirib. Şirkətin istiqrazlarına tələb $203,4 milyonu ötüb. İstiqrazların tədavül müddəti 2021-ci il oktyabrın 18-də başa çatıb. İstiqraz sahibləri $25 milyon gəlir əldə ediblər.*
N.Abbasova