Moskva Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrində vəziyyətin gərginləşməsi ilə əlaqədar Bakı və İrəvanı təmkinli olmağa və mübahisəli məsələləri dialoq yolu ilə həll etməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Gərginliyi aradan qaldırmaq məqsədilə birgə iş aparılır. Biz hər iki tərəfi təmkinli olmağa, yeni insidentlərə imkan verməməyə, bütün mübahisələri istisnasız olaraq siyasi-diplomatik yolla həll etməyə çağırırıq”, - deyə o, bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya və Ermənistan arasında imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin müddəalarının, habelə KTMT mexanizmlərinin tətbiqi mümkünlüyündən danışan XİN nümayəndəsi qeyd edib ki, Rusiya ikitərəfli və çoxtərəfli öhdəliklərinə məsuliyyətlə yanaşır.
“İkitərəfli xətlə müvafiq məsləhətləşmələr aparılır. O ki qaldı KTMT ilə bağlı öhdəliklərə, bizdə olan məlumata görə, KTMT-də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət diqqətlə izlənilir”, - deyə Zaxarova bildirib.*