2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 156 milyon 892,1 min ton yük daşınıb ki, bu da 2020-ci ilin 10 ayının göstəricisindən 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 78,1% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21,9% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin 10 ayı ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi əvvəlki səviyyədə qalıb.
Hesabat dövründə dəmir yolu ilə 12 milyon 265,3 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,8% çoxdur.
Dəniz nəqliyyatı ilə 4 milyon 481,7 min ton (azalma 9,2%), avtomobil nəqliyyatı ilə 90 milyon 173,2 min ton (azalma 1,9%), hava nəqliyyatı ilə 410,6 min ton (artım 14,5%) müxtəlif yük daşınıb. Yanvar-oktyabr aylarında daxili neft kəmərləri vasitəsilə 29 milyon 89,7 min ton neft (azalma 0,7%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov