Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Regionlararası İdarəsi bu ilin noyabr ayının əvvəlindən 33 min 481,4 ton meyvə-tərəvəzə baxış keçirib.
“Karantin fitosanitar nəzarəti zamanı zərərli obyektlərə yoluxan bitkiçilik məhsullarının 6 partiyasının (Azərbaycandan və İrandan – İF) Rusiya Federasiyasının ərazisinə gətirilməsinə icazə verilməyib. Qadağan edilən məhsullar arasında Azərbaycandan daxil olan pomidor (50,3 ton) olub”, - deyə İdarənin məlumatında bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 96,2 ton təşkil edib.
Yüklərin saxlanması üçün əsas zərərli obyektlərin (qonur qırışıqlıq virusu -Tomato brown rugose fruitvirus) aşkarlanmasını təsdiqləyən laboratoriya analizləri olub.
“Bitkilərin karantini haqqında” federal qanunun pozulmasına görə yük sahibləri Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar. Yüklər ixracatçı ölkələrə (Azərbaycana və İrana – İF) qaytarılıb.*
E.Şəfiyev