Rusiya prezidenti Vladimir Putin Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin həllində Rusiya diplomatiyasının rolunun artdığını qeyd edib.
“Şübhəsiz, Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin həlli, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunması, nəqliyyat dəhlizlərinin açılması üzrə səylərin davam etdirilməsində Rusiya diplomatiyasının rolu artır. Baş nazirlərin müavinləri səviyyəsində dövlətlərarası müvafiq komissiya yaradılıb. Bu komissiya işləyir. Fikrimcə, bu komissiyanın işinin perspektivləri pis deyil. Həqiqətən, Rusiya daxil olmaqla regionun bütün ölkələri problemin uzunmüddətli həllində maraqlıdır”, - deyə o, Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında bildirib.
“Bir il öncə Rusiyanın aktiv vasitəçilik səyləri nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar regiondakı vəziyyətin hələ də sona qədər sakitləşmədiyini göstərdi”, - deyə Rusiya prezidenti əlavə edib.
Putinin sözlərinə görə, sabitliyi təmin etmək üçün atəşkəs rejiminin və dinc sakinlərin təhlükəsizliyinin zəmanətçisi kimi Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var.*