Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
“M.Cabbarov Azərbaycanın Türkmənistanla iqtisadi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini bildirib”, - deyə Türkmənistan prezidentinin rəsmi saytı xəbər verir.
Görüşdə yüksək səviyyədə əldə olunmuş razılaşmaların, eləcə də tərəfdaşlığın genişləndirilməsi üçün mövcud sanballı potensialın reallaşdırılması kontekstində dövlətlərarası qarşılıqlı fəaliyyətə dair prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Həm ikitərəfli, həm də nüfuzlu beynəlxalq təşkilatlar və qurumlar çərçivəsində çoxtərəfli formatda uğurla qurulan məhsuldar əlaqələrin yüksək inkişaf dinamikasına xüsusi diqqət yetirilib”, - deyə məlumatda vurğulanır.
M.Cabbarov və Q.Berdiməhəmmədov siyasi, ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə dövlətlərarası əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayaraq müxtəlif istiqamətlərdə münasibətlərin inkişafı üzrə əlaqələndirici orqan kimi iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının rolunun gücləndirilməsinin vacibliyini qeyd ediblər.
“Bu konteksdə qarşılıqlı investisiyaların səmərəli tərəfdaşlığın genişləndirilməsi amillərindən biri olduğu qeyd olunub və hər iki ölkənin biznes dairələri arasında əlaqələrin möhkəmlənməsinə kömək edən forumların təşkil edilməsi, sahibkarlıq fəaliyyəti üçün lazımi iqtisadi, maliyyə və hüquqi şəraitin bundan sonra da təmin edilməsinin zəruriliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.
“Müzakirə mövzularından biri Türkmənistan və Azərbaycanın milli iqtisadiyyatları üçün strateji əhəmiyyət kəsb edən enerji sahəsində əməkdaşlıqla bağlı olub. Bu sektorun inkişaf etdirilməsinin iri neft-qaz yataqlarına malik olan hər iki dövlət üçün prioritet istiqamət olduğunu vurğulayan Cabbarov və Berdiməhəmmədov bərabərhüquqlu və qarşılıqlı fayda prinsiplərinə əsaslanan ənənəvi əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər”, - deyə Türkmənistan liderinin saytı yazır.*
E.Şəfiyev