Azərbaycan Xarici İşlər Nazirliyi Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün keçirilməsi mümkünlüyü barədə məlumatı şərh edib.
“Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə noyabrın 19-da telefon danışıqları baş tutub. Aİ Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə Görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda, Aİ Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
O qeyd edib ki, postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlətimizin başçısı tərəfindən, o cümlədən beynəlxalq platformalarda səsləndirilib.
“Bu xüsusda, Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik”, - deyə L.Abdullayeva vurğulayıb.*
A.Salayeva