Şamaxı rayonunda zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb. Bu barədə nazirliyin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
“Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 20.11.2021-ci il tarixində yerli vaxtla saat 16:46 dəqiqədə Şamaxı rayonu Pirquli stansiyasından 20 km cənubda, Şamaxı rayonu ərazisində 42 km dərinlikdə 5,1 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - deyə məlumatda bildirilir.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı ərazisində daha bir zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.*
A.Salayeva