Yaradıldığı vaxtdan etibarən Yaşat Fonduna 64 milyon 611 min 281,3 manat məbləğində vəsait daxil olub. Bu barədə Fondun saytında məlumat verilir.
Məlumata əsasən, fiziki şəxslər tərəfindən ianələr 17 milyon 565 min 645,53 manat, hüquqi şəxslər tərəfindən – 47 milyon 45 min 635,87 manat təşkil edib.
Fondun məlumatına görə, yığılmış vəsaitdən 48 milyon 155 min 164,96 manat sərf olunub.
Hazırda Fondda 16 milyon 456 min 116,34 manat toplanıb.
2020-ci ilin dekabr ayında Azərbaycan prezidenti İlham Əilyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.
Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə.
Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. **
R.Əhmədov