31 oktyabr 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 34 milyard 963,6 milyon manat təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvar-oktyabr aylarında bankların aktivləri 9,1% artıb.
Oktyabrın sonuna bankların kredit portfeli 15 milyard 997,3 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 13% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 4 milyard 934,8 milyon manat (artım 5% - İF) təşkil edir.
Bankların öhdəlikləri 30 milyard 28,8 milyon manata (artım 9,8%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 370,2 milyon manat məbləğində (azalma 1,1%) qiymətləndirilir. Banklarda depozit portfeli 24 milyard 26,1 milyon manat (artım 15,9%), o cümlədən əhalinin əmanətləri 8 milyard 713,8 milyon manat (artım 8,3%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 10 ay ərzində bankların ümumi xalis mənfəəti 570,1 milyon manat təşkil edib (2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 19,3%).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 731 milyon manat (artım 8,7%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 394,3 milyon manat (artım 10,5%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 702 milyon manat məbləğində (artım 30,3%) olub.
Bu dövrdə bankların faiz xərcləri 448 milyon manat (artım 9,7%), o cümlədən depozitlər üzrə 297,2 milyon manat (artım 15%), qeyri-faiz xərcləri 1 milyard 250,3 milyon manat (artım 10,8%) təşkil edib.
10 ayın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 810,2 milyon manat (artım 21,7%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 679,8 milyon manat məbləğində (artım 11%) qiymətləndirilir, mənfəət vergisi üzrə ödənişlər 109,7 milyon manat (azalma 18,5%) təşkil edib.
31 oktyabr 2021-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Oktyabrın sonuna bankların 473 filialı (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4%) və 97 şöbəsi (azalma 11%) var.
Bank sektorunda 19,835 min nəfər (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 6% - İF) çalışır.**
R.Əhmədov