2021-ci ilin yanvar-oktyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8,7% - 8 milyard 887,4 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 7,4% - 3 milyard 844 milyon manatadək və ya bütün əmanətlərin 43,3%-i səviyyəsində azalıb (2020-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 50,8% təşkil edib).
10 ay ərzində əhalinin milli valyutada əmanətlərinin həcmi 25,2% - 5 milyard 43,4 milyon manatadək (bütün əmanətlərin 56,7%-i) artıb.
31 oktyabr 2021-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 milyard 587,7 milyon manat, qeyri-rezidentlərin – 299,7 milyon manat təşkil edir. Hesabat dövründə rezidentlərin əmanətlərinin həcmi 8,7%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 6,7% artıb.
Oktyabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 26 milyard 114,8 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 10,3% çoxdur.**
R.Əhmədov