2021-ci ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 304 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 46,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Oktyabr ayında fondun agent bankları tərəfindən 21,7 milyon manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, 10 ay ərzində İKZF 323,5 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 3 dəfə - İF).
Oktyabr ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 35,5 milyon manat vəsait alıb. Yanvar-oktyabr aylarında İKZF dövlət büdcəsindən 71 milyon manat vəsait alıb.
Yanvar-oktyabr aylarında fond istiqrazların yerləşdirilməsindən 200 milyon manat (oktyabrda – 40 milyon manat) cəlb edib.
2020-ci ildə İKZF-nin agent bankları tərəfindən 257,5 milyon manat məbləğində ipoteka krediti verilib (sentyabrda yerləşdirilmə həyata keçirilməyib).
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
X.Nəsirzadə