2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 13% - 16 milyard 415,89 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 815,9 milyon manat (hesabat dövründə azalma 8,6% - İF) və ya bütün kreditlərin 4,97%-ni (2020-ci ilin sonuna 6,1%) təşkil edir.
Noyabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 3 milyard 151,4 milyon manat (artım 13,5%) və ya bütün kreditlərin 19,2%-i, özəl banklar tərəfindən 12 milyard 845,9 milyon manat (artım 12,9%) və ya bütün kreditlərin 78,3%-i həcmində kredit verilib. Qalan 418,6 milyon manat (artım 12,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2021-ci il noyabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 11 milyard 913,5 milyon manat (artım 16,8%) milli valyuta, 4 milyard 502,4 milyon manat (artım 4,1%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 27,4% (2020-ci ilin sonuna 29,8%) təşkil edir.
2021-ci il noyabrın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 786,2 milyon manat (bütün kreditlərin 17%-i) ticarət və xidmət sahələrinin, 741,9 milyon manat (4,5%) energetika, mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 573,8 milyon manat (3,5%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 879,9 milyon manat (5,4%) tikinti və daşınmaz əmlak sahələrinin, 945,2 milyon manat (5,8%) sənaye və istehsal sektorunun, 748,7 milyon manat (4,6%) nəqliyyat və rabitə sahələrinin, 8 milyard 122,9 milyon manat (49,5%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-oktyabr aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 21,1% artıb.**
X.Nəsirzadə