“Azərbaycan Dəmir Yolları” QSC Almaniyanın “Hamburger Hafen Logistik” şirkətinə konteyner yüklərin daşınması sahəsində əməkdaşlıq təklif edir.
Bu məsələ ADY-nin rəhbərliyinin Almaniyanın nəqliyyat, logistika və tikinti sahələri üzrə aparıcı şirkətlərinin nümayəndə heyətləri ilə görüşü zamanı müzakirə olunub. Bu barədə ADY-nin mətbuat xidməti məlumat verir.
Görüşdə “Azərbaycan Dəmir Yolları”nın sədrinin birinci müavini Əlirza Süleymanov qeyd edib ki, Azərbaycan tərəfi Almaniya şirkəti ilə konteyner yüklərin daşınması sahəsində əməkdaşlıq edə bilər.
Xüsusilə, “Hamburger Hafen Logistik”in yüz faiz törəmə şirkəti olan “Metrans” arasında əməkdaşlıq konteyner yüklərin Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiyaya və Çinə, eləcə də əks istiqamətdə daşınması üzrə həyata keçirilə bilər. Belə ki, konteynerlər “Metrans” şirkəti tərəfindən Türkiyə limanlarına, oradan isə “ADY Konteyner” MMC tərəfindən Azərbaycan-Orta Asiya-Çin istiqamətində daşına bilər. **
B.Rüstəmbəyov